İran Futbol Federasiyası 2026-cı il dünya çempionatında milli komandanın oyunlarının ABŞ-dən Meksikaya keçirilməsi ilə bağlı FIFA ilə danışıqlar aparır.
Sportnet.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi İranın Meksikadakı səfirliyinə istinadən məlumat yayıb.
Federasiya prezidenti Mehdi Taj bildirib ki, ABŞ-də təhlükəsizlik zəmanəti ilə bağlı narahatlıqlar səbəbindən belə addım gündəmə gəlib: “ABŞ prezidenti Donald Tramp açıq şəkildə İran millisinin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini deyibsə, təbii ki, biz o ölkəyə getməyəcəyik. Hazırda komandamızın mundial oyunlarının Meksikada keçirilməsi üçün FIFA ilə danışıqlar aparırıq”.
Qeyd edək ki, ötən həftə Tramp İran yığmasının “öz təhlükəsizliyi naminə” turnirə getməməsinin daha məqsədəuyğun olduğunu bildirib.
2026-cı il dünya çempionatının final mərhələsi iyun-iyul aylarında ABŞ, Meksika və Kanadada keçiriləcək. İran millisi seçmə mərhələni uğurla başa vuraraq G qrupunda Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə birlikdə mübarizə aparacaq.
Asiya təmsilçisinin qrup oyunlarını Los Anceles və Siettl şəhərlərində keçirməsi planlaşdırılıb.
İran millisi turnirdə iştirakdan imtina edərsə, FIFA-nın əvəzedici komanda müəyyənləşdirməsi gözlənilir. Namizədlər arasında İraq və BƏƏ yığmalarının adı hallanır.












































































