"Komandamız demək olar ki, tam hazırdır. Çünki rəqibi yaxından tanımışıq, oyunumuzu analiz etmişik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İslandiyada "Vestri"yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən öncə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
54 yaşlı mütəxəssis bildirib ki, iyulun 14-də gün ərzində yolda olduqları üçün komandada yorğunluq olub. Buna baxmayaraq, Qurbanov "Qarabağ"ın matça tam hazır və motivasiyalı olacağına inam ifadə edib.
Baş məşqçi hava şəraitinin də futbol üçün əlverişli olduğunu diqqətə çatdırıb: "Soyuq olsa da, çox yaxşıdır, əsl futbol havasıdır".
Təcrübəli mütəxəssis hazırlıq prosesindən də danışıb: "Düzdür, bəzi futbolçularda bir qədər disbalans var. Amma matça, demək olar ki, hazırıq. Oyun intizamı sarıdan da hazırlıqlı olacağıq".
Qurbanov ilk oyunla müqayisədə heyətdə dəyişikliklərin mümkünlüyünü dilə gətirib: "Ola bilər ki, hansısa dəyişikliklər olsun. Amma hələ vaxtımız var. Çalışacağıq ki, sabah meydana buraxacağımız start heyəti baxımından fikrimizi konkretləşdirək".
Qeyd edək ki, Reykyavik şəhərindəki "Tröttarvöllür" stadionunda keçiriləcək "Vestri" - "Qarabağ" matçı iyulun 17-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.












































































