Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən AZAL bu gün növbəti yoxlama oyununu keçirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "təyyarəçilər" Gerede bölgəsində yerləşən "Dorukkaya” otelinin meydançasında yeni mövsümdən Türkiyə Super Liqasında mübarizə aparacaq "Mersin İdman Yurdu” ilə üz-üzə gəlib.
Qarşılıqla hücumlar şəraitində keçən görüşdə AZAL əzmkar qələbə qazanıb. Hərçənd ilk yarıda ələ düşən imkanlardan faydalana bilməyən Azərbaycan təmsilçisi fasiləyə məğlub yollanıb. Rəqib hissənin sonlarında hesabı açıb. Amma ruhdan düşməyən "təyyarəçilər” ikinci yarıda oyunda dönüş yarada bilib. Əvvəlcə 78-ci dəqiqədə Rəşad Abdullayev penaltidən hesabı bərabərləşdirib. 85-ci dəqiqədə isə Təmkin Xəlilzadə baxışda olan Con Enrike Kordoba ilə divar paslaşmasından sonra uzaqdan baxımlı qola imza atıb. Beləliklə, AZAL 2:1 hesabı ilə qalib gəlib.
Baş məşqçi Tərlan Əhmədov bu görüşdə aşağıdakı futbolçulara şans verib:
Ruslan Məcidov (Stanislav Namaşko, 46), Novruz Məmmədov (Eltun Yaqublu, 78), Oskar Klyava, Xuanxo Pereyra, Şəhriyar Rəhimov (Xuanfran, 74), Kərim Diniyev (Təmkin Xəlilzadə, 55), Orxan Lalayev (Laşa Kasradze, 46), Rəşad Abdullayev (Orxan Səfiyaroğlu, 85), Cimmi Duqlas (Viktor İbekoyi, 46), Tomi Kostadinov (Aydın Qasımov, 69), Yosip Maroşeviç (Con Enrike Kordoba, 46).
Qeyd edək ki, Türkiyədəki ilk yoldaşlıq görüşündə AZAL İranın 21 yaşadək futbolçulardan ibarət yığması ilə heç-heçə edib - 2:2. Tərlan Əhmədovun komandası iyulun 23-də Türkiyə Superliqasının yeni mövsümünün daha bir debütantı "Belıkesirspor”la qarşılaşacaq.