
Hollandiya yığmasının baş məşqçisi Lui van Qal Brazilyada keçirilən DÇ-2014 çərçivəsində İspaniya üzərində 5:1 hesablı qələbə haqda fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu sayda qol vuracaqlarını gözləmədiyini bildirib.
Van Qal İspaniyanın məhz bu üslubda hücumlar quracağına hazır olduqlarını deyib. 63 yaşlı holland bu zəfərdə komandasının hücum xəttini xüsusi qeyd edib: "Bu qarşılaşmada fərqlənmək üçün kifayət qədər şans qazanacağımızı bilirdik. Müdafiədə sıxlıq yaratmağı bacardıq. Bu da rəqibin əl-qol açmasına əngəl oldu. Yeri gəlmişkən, qapımıza təyin olunan penaltinin ədalətli qərar olduğuna əmin deyiləm. Öz növbəmizdə əks-hücumlar qururduq. Heyətimizdə Sneyder, Robben, van Persi kimi ifaçılarımız olduğu halda, qolların gələcəyinə inanmaq olar".