
"Qəbələ" ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü öncəsi Gürcüstanın "Dinamo" (Tiflis) klubu maraqlı statistika təqdim edib. Sportnet.az-ın məlumatına görə, "Dinamo"nun rəsmi saytı indiyədək 9 iyul tarixində 6 oyuna çıxdıqlarını açıqlayıb.
Bunlar arasında Tiflis təmsilçisinin 1982-ci il SSRİ çempionatı çərçivəsində öz meydanında "Neftçi"yə 5:3 hesabı ilə qalib gəldiyi oyun da var. Həmin qarşılaşmanın ilk yarısında hesab açılmayıb. Fasilədən sonra isə moskvalı baş hakim Anatoli Kadetov qapılara 3 penalti təyin edib. Bunlardan birincisini Ramaz Şengeliya 54-cü dəqiqədə dəqiq yerinə yetirərək, hesabı açıb. Hazırda Bakı "İnter"inə rəhbərlik edən Zaur Svanadze 58-ci, Qriqori Tsaava 60 və 65-ci dəqiqələrdə meydan sahiblərinin növbəti qollarını vurub - 4:0. 68-ci dəqiqədə "Neftçi"nin futbolçusu Şakir Qəribov növbəti penalti ilə fərqi azaldıb. Amma 77-ci dəqiqədə təyin olunmuş daha bir penaltidən Vitali Daraseliya faydalanıb. 81 və 90-cı dəqiqələrdə isə qonaq komandadan Asif Əliyev "dubl" edərək, yekun nəticəni müəyyənləşdirib.
Bu, "Dinamo"nun 9 iyulda əldə etdiyi 2 qələbədən 1-i olub. Digər qələbə isə 1978-ci il SSRİ çempionatı matçında Ukraynanın "Zarya" komandası üzərində əldə olunub - 4:0.
Əvəzində Tiflis komandası 1971-ci ildə "Karpatı" ilə 2:2, 1994-cü ildə "Dnepr"lə 0:0, 1986-cı ildə isə "Metallist"lə 1:1 hesablı heç-heçələr qeydə alınıb. Yeganə məğlubiyyət isə 2006-cı il İntertoto Kubokunun II mərhələsində Avstriya ilə görüşdə baş verib - 0:1.
Beləliklə, "Dinamo" 9 iyulda Azərbaycan təmsilçisi "Neftçi"ni məhsuldar qələbə ilə yensə də, yeganə avrokubok matçında uduzub.