Topaz Premyer Liqasınnda XII turun bütün
oyunlarından sonra hakimlikdən narazılıq olub. Sportnet.az-ın məlumatına görə,
hesabat turunda 4 qarşılaşmanın hər biri fit sahiblərinə etirazlarla müşayiət
olunub.
Turun ilk qarşılaşması "Bakı” futbol kulubunun təlim-məşq
bazasında baş tutub. "Qarabağ”ı qəbul edən "Bakı” 2:4 hesabı ilə yenilib.
Matçdan sonra meydan sahiblərinin baş məşqçisi İbrahim Uzunca hakimlərdən
narazı qaldığını açıqlayıb. Türkiyəli mütəxəssis indiyədək hakimlərə heç bir
iradının olmadığını, ancaq "Qarabağ” kimi komandaya da köməklik göstərməyin
düzgün olmadığını vurğulayıb. Qonaq komandanın 3-cü qolundan öncə qayda
pozuntusunun olduğunu deyən Uzunca bu epizodda Reynaldonun müdafiəçini
itələyərək zərbə endirdiyini bildirib. O, hakimləri gələcək oyunlarda diqqətli
olmağa çağırıb.
Günün ikinci qarşılaşması isə "AZAL Arena”da keçirilib. AZAL
klubunun rəhbərliyi "Qəbələ" ilə 3:3 hesabı ilə bitən matçdan sonra
baş hakim Ömər Paşayevin idarəçiliyindən narazı qalıb. AZAL-ın mətbuat
xidmətinin rəhbəri Eldəniz Yusifov Sportnet.az-a açıqlamasında matçın
protokolunda müvafiq qeydlər apardıqlarını deyib. Yusifov "Qəbələ”nin ilk
qolundan öncə oyunçularına qarşı kobudluq olduğunu, ikinci qolda da rəqib
futboçunun topu əllə saxlayıb qarşısına atdıqdan sonra tora göndərdiyini
bildirib. O həmçinin 3-cü qolun vurulduğu epizodda penaltinin olmadığını da
diqqətə çatdırıb. Bundan əlavə, sarı və qırmızı vərəqələrin də düzgün
verilmədiyini bildirən AZAL rəsmisi bu gün Peşəkar Futbol Liqasına məktubla
şikayət edəcəklərini açıqlayıb.
Hakimdən daha bir narazılıq "Neftçi"dən gəlib.
Flaqman Zaqatalada "Simurq”a penalti ilə uduzub. Oyundan sonra qonaq komandanın
baş məşqçisi Arif Əsədov matçın baş hakimi Fariz Yusifovdan şikayət edib. O,
ardıcıl oyunlarda qapılarına penalti verildiyini, bu görüşdə də eyni halın
davam etdiyini bildirib. Baş məşqçi "Simurq”la qarşılaşmada qapılarına verilən
iki penaltinin haqsız olduğunu vurğulayıb.
Turun son matçı "İnter” – "Xəzər Lənkəran” görüşündə də baş
hakimdən narazılıq olub. Paytaxt təmsilçisinin 3:1 hesablı qələbə qazandığı
görüşdə cənubluların baş məşqçisi Oğuz Çətin "İnter”in qapıçısı Səlahət
Ağayevin cərimə meydançası xaricində əllə oynadığını iddia edib. Çətin matçın
baş hakimi Rəhim Həsənovun bu epizoda göz yumduğunu bildirib. Onun fikrincə,
həmin epizodda Ağayevə qırmızı vərəqə göstərilməli idi.
Qeyd edək ki, hesabat turunda "Sumqayıt" istirahət
edib. Buna "gənclik şəhəri" təmsilçisinin qarşılaşmalı olduğu
"Araz Naxçıvan"ın çempionatdan imtinası səbəb olub. Yeri gəlmişkən,
Naxçıvan komandası məhz hakim səhvlərini səbəb göstərərərk, çempionatdan
çəkilib.
Nəriman Məmmədli