
Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə Qusarda kros qaçışı üzrə yaz ölkə çempionatı keçirilib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, açılış mərasimində çıxış edən AAF prezidenti Cavid Qurbanov və nazirliyin sektor müdiri Sevda Mirzəyeva atletikanın inkişafı üçün aparılan işlərdən danışaraq, hazırlanan yeni proqramların bu istiqamətdə müsbət nəticələrini verəcəyinə inandıqlarını bildiriblər.
Yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Bərdə, Gədəbəy, İsmayıllı, Astara, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və Ordubaddan 100-dək atlet mübarizə aparıb.
Kişilər arasında 10 km məsafəyə qaçışda Ordubad idmançısı Əmrah Nağıyev ölkə çempionu adını qazanıb.
6 km məsafədə Gəncədən olan atlet Ümid İbrahimov, 3 km və 2 km-də isə müvafiq olaraq, İsgəndər Əsgərov və Namiq Babayev qalib olublar.
Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova növbəti dəfə ölkə çempionu olub.
4 km-də İsmayıllı təmsilçisi Zəhra Şirəliyeva, 2 km-də Azəri Məmmədli, 1 km-də isə Gülçin Nağıyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.