"Ən böyük arzumu artıq müəyyənləşdirmişəm. Amma məndən asılı olmayan məsələlər də var".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti Sahib Ələkbərov deyib.
O, Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana daxil olmağı arzuladığını bildirib: "Vaxt var idi ki, velosipedçilərin Ağsu aşırımından keçmələrini arzulamışdım. Onu çox rahatlıqla gerçəkləşdirdik. İndi Kəlbəcəri istəyirəm. Ondan sonra isə belə bir fikrim var: Xəritə ilə bura qədər gəldiyimiz kimi, dairəni də qapadaq. Vacib deyil ki, yenə 5 mərhələ olsun. Qoy, 7, 10 mərhələ olsun. Kəlbəcərdən sonrakı arzum Naxçıvandır. Zəngəzur dəhlizi işləyən kimi, istərdim ki, velosipedçilər Naxçıvana gedək, dövrə vuraq və bunu hamıya göstərək".

















































































