Yamaykalı sprinter Useyn Bolt 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı qızıl medalların birindən məhrum olub.
Sportnet.az-ın məlumatına görə, buna 31 yaşlı atletlə birgə 4X100 metr məsafəyə sprinter qaçışında çıxış etmiş komanda yoldaşı Nesta Karterin dopinq-testinin təkrar yoxlanışının müsbət nəticə verməsi səbəb olub.
Analiz nəticəsində Karterin istifadəsi qadağan olunmuş metilheksanamindən yararlandığı ortaya çıxıb. Beynəlxalq Olimpiya Komitəsi (İOC) Yamayka yığmasının 4X100 estafetindəki nəticəsini ləğv edib. Beləliklə, bu komandanın bütün üzvləri - Nesta Karter, Maykl Freyter, Asafa Pauell və Useyn Bolt qızıl medaldan məhrum olub. Həmin medalların hansı yığmaya veriləcəyi hələlik məlum deyil. Bolt isə artıq 9 qat deyil, 8 qat olimpiya çempionu olub.
Qeyd edək ki, bu gün İOC rusiyalı atlet Tatyana Lebedevanı da "London-2012"də qazandığı 2 medaldan məhrum edib. Dopinq-testinin təkrar analizi nəticəsində orqanizmindən istifadəsi qadağan edilmiş turinabol tapılan Lebedeva həmin olimpiadada uzununa tullanma və üç təkanla tullanma növlərində gümüş medal qazanmışdı. Hazırda o, Ümumrusiya Atletika Federasiyasının vitse-prezidenti və Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının Qadınlar Komitəsinin üzvüdür.