"Bakı - Xankəndi Azərbaycan Velosiped yarışında ilk iki gün ərzində gördüklərimə əsasən heç bir irad səsləndirə bilmərəm".
Sportnet.az-ın turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu qazaxıstanlı Olimpiya çempionu, "Astana" komandasının rəhbəri Aleksandr Vinokurov jurnalistlərə açıqlamasında deyib.
52 yaşlı veteran idmançı yolların geniş olduğunu söyləyib: "Ümumilikdə hər şey çox yaxşı təşkil olunub. Tamaşaçılar daim tras boyu var, tras da genişdir. Düşünürəm ki, bu yarış yüksək kateqoriyaya layiqdir. Buna təşkilatçılar qərar verəcək. Amma bildiyim odur ki, yarışlar yüksək səviyyədə keçirilir. Təhlükəsizlik də təmin olunub. Tras möhtəşəmdir”.
“Astana” komandasının rəsmisi qazaxıstanlı Yevgeni Fyodorovun bugünkü, ikinci mərhələdə qalib olması ilə bağlı da danışıb:
“Hər şey gözlədiyimiz kimi alındı. Biz Qazaxıstanda, digər yarışlarda qalib olmuşuq. Burada da iştirak etmək bizim üçün xoşdur. Bu cür yarışlar köhnə ənənələri yaşadır, formanı layiqincə daşımağa çalışırıq. Ümumilikdə hər şey əladır. Bu yarışın yenidən keçirilməsi çox sevindiricidir. Velosiped idmanının ölkədə populyarlaşması üçün belə yarışların böyük rolu var.
O, Azərbaycandakı yarışda möhtəşəm enişlər və yoxuşlar olduğunu sözlərinə əlavə edib: “Möhtəşəm mənzərələr də var. Bir daha təşkilatçılara təşəkkür edirəm. Qonaqpərvərlik yüksək səviyyədədir”.



















































































