Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, həmçinin Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Sportnet.az "Report"a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən şəxs F.Əmiraslanovun müdafiəçisi Ağaveys Şahverdiyev vəsatətlə çıxış edib. O, hüquqlarını müdafiə etdiyi şəxsin günahının olmadığını və F.Əmiraslanovun cinayət işinə xitam verilsini istəyib. V.Əhmədovun vəkili vəsatətlə çıxış edərək, müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini tələb edib.
H.Salamovun vəkili cinayət təqibinə xitam verilməsini, E.Həsənovun müdafiəçisi isə hüquqlarını müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Vəsatətlərin heç biri təmin edilməyib.
Məhkəmənin baxış iclası aprelin 22-nə təyin edilib.