
Bakı 2015 Avropa Oyunlarının uğurları Avropa Olimpiya Komitələri Koordinasiya Komissiyasının sədri tərəfindən yüksək qiymətləndirilib. Sportnet.az-ın məlumatına görə, Bakı 2015 Avropa Olimpiya Komitələri (AOK) Koordinasiya Komissiyanın üzvləri yarış obyektlərinə səfəri zamanı Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) bir sıra şöbələrinin təqdimatları ilə tanış olublar.
Onlar, həmçinin Bakı 2015-in yeni ofisinin açılış mərasimində iştirak ediblər. Tədbirdə gənclər və idman naziri, BAOƏK-in baş icraçı direktoru Azad Rəhimov açılış lentini kəsərək yeni ofisi rəsmən açıq elan edib.
AOK Koordinasiya Komissiyasının sədri Spiros Kapralos bildirib ki, son aylarda BAOƏK komandası tərəfindən əldə olunmuş bir sıra növbəti önəmli yeniliklər ona xoş təsir bağışlayıb: "Ötən 1,5 il müddətində əhəmiyyətli işlər görülüb və yeniliklər, xüsusilə də idman proqramı üçün göstərilmiş davamlı səylər müsbət təsir bağışlayır. Avropa Oyunları qitə idmanı üçün tarix yazacaq və BAOƏK-in Avropanın ilk çoxnövlü qitə idman yarışlarına hazırlığında mükəmməl irəliləyişlərə davam etməsi çox vacibdir. Mən əminəm ki, bu tədbir Avropa idman azarkeşlərinin yaddaşında uzun müddət qalacaq".
Rəhimov isə Avropa Oyunlarının yalnız idman yarışlarının yeni erasını deyil, həm də qitədə dostluğu nümayiş etdirdiyini bildirib: "
Biz burada – Bakıda həyəcanın və gözləntinin artdığını hiss edirik. Əminik ki, gələn il Oyunlarda hər bir yarış məkanı elit Avropa idmanından zövq alan coşğun azarkeşlərlə dolu olacaq. Avropa Oyunları yalnız idman yarışlarının yeni erasını deyil, həm də qitədə dostluğu nümayiş etdirir".
Bakı 2015 komandasının yüksək vəzifəli üzvləri Koordinasiya Komissiyasını biletlər, kommersiya sponsorluğu, yayım müqavilələri və idman proqramı məsələlərindəki inkişafla bağlı məlumatlandırıblar.
Qeyd edək ki, AOK Koordinasiya Komissiyasının sonuncu görüşü 2015-ci ilin fevral ayında baş tutacaq.