"Neftçi"nin yeni vitse-prezidenti Elnur Məmmədovun Sportnet.az-a müsahibəsi
- "Neftçi” klubunun prezidenti Sadıq Sadıqov şəxsən bu vəzifəni mənə təklif etdi. Düzü bir qədər gözlənilməz oldu. "Neftçi”də işləmək şərəfli, eyni zamanda məsuliyyətli bir işdir. Buna qədər Sadıq müəllimlə birlikdə dəfələrlə "Neftçi”nin "Bakcell Arena”da keçirilmiş oyunlarını izləmişik. Futbol mövzusunda müzakirələrimiz çox olub. Oyunların təşkili məsələləri ilə əlaqədar "Neftçi”nin rəsmiləri və ümumilikdə əməkdaşları ilə daim əlaqədə olmuşam.
- AFFA-da 6 il müddətində Elxan Məmmədovun rəhbərliyi altında çalışmış və futbol sahəsində müəyyən təcrübə qazanmışam. Buna görə Elxan müəllimə öz minnətdarlığımı bildirirəm. Sadıq müəllim tərəfindən mənə edilən təklifi o da müsbət qarşıladı və gələcək fəaliyyətimdə uğurlar arzuladı.
- Sizin AFFA-ya Elxan Məmmədov tərəfindən gətirildiyiniz sirr deyil. "Neftçi" Elxan Məmmədovun nəzarətinə keçdi" fikirlərinə münasibətinizi bilmək istərdik...
- Bu gün futbolumuz AFFA prezidenti Rövnəq Abdullayev rəhbərliyi altında günbəgün inkişaf edir. Futbolda iri miqyaslı beynəlxalq layihələr həyata keçirilir. Bu inkişafın davamı olaraq klub futbolunda nəzərə çarpacaq uğurlar qazanılıb. Həm Elxan Məmmədov, həm də Sadıq Sadıqov futbolumuzun tərəqqisi üçün çalışan şəxslərdir. Məqsədimiz Azərbaycan futboluna layiqli şəkildə xidmət etməkdir.
- Nəyə görə AFFA-da işinizi davam etdirmədiz?
- AFFA-da çalışdığım 6 il müddətində çox qiymətli təcrübə toplamışam. Buna görə bir daha AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Sadəcə olaraq əmək məcəlləsinə əsasən eyni vaxtda yalnız bir iş yerində tam ştatlı fəaliyyət göstərmək mümkündür.
- Gənc kadr kimi işinizdə hansısa yeniliklər olacaq, islahatlar aparacaqsız?
- Ümumiyyətlə "Neftçi”də gənc yerli mütəxəssilərə hər zaman üstünlük verilib. Hətta klubun kollektivi də əsasən gənclərdən ibarətdir. İslahatlara gəldikdə isə "Neftçi”nin öz strategiyası və inkişaf xətti var və biz bu işin icraçılarıyıq. Klubda fəaliyyət göstərən hər bir əməkdaş kimi mən də üzərimə düşən işi ən yüksək səviyyədə yerinə yetirməyə çalışacam.
- Digər vitse-prezidentlərdən necə seçiləcəksiz?
- "Neftçi” bir komandadır. Komandanın uğur qazanması üçün hər kəs əlindən gələni etməlidir. Fərdlərin fəaliyyətini qabartmaq düzgün olmazdı. "Neftçi” son illərdə qazandığı uğurlarla düzgün yolda olduğunu nümayiş etdirib. Birlikdə çalışıb uğurların davamını gətirəcəyimizə inanıram.
- Mətbuatla əlaqələrdə hansı yeniliklər gözlənilir?
- "Neftçi” hər zaman mətbuata açıq mövqeyini nümayiş etdirib. Bundan sonra da çalışacağıq ki, mətbuat nümayəndələri ilə münasibətlərimiz daha da möhkəmlənsin. Sadəcə olaraq hər bir peşəkar klubda olduğu kimi "Neftçi”nin də Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsi var və media nümayəndələri ilə ünsiyyət onların fəaliyyət sahəsinə daxildir. Jurnalistlər istənilən vaxt suallarını Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsi vasitəsi ilə kluba ünvanlaya bilərlər.
- Tahir Süleymanov ictimaiyyətə açıq bir insan idi. Amma siz işə mətbuat konfransi keçirmədən, jurnalistlərlə görüşmədən başlayırsız. Belə olan halda "Neftçi" KİV-ə hansı mövqedə dayanacaq?
- "Neftçi”də fəaliyyətə başlamağımla bağlı təntənəli təqdimata ehtiyac duymadıq. Düşünürəm ki, müəyyən vaxt keçdikdən sonra mətbuat konfransı təşkil edərək gördüyümüz işlər barədə məlumat verəcəyik. "Neftçi” hər zaman mətbuata açıq klub olub və bundan sonra da media nümayəndələri ilə ünsiyyətimiz ən yüksək səviyyədə davam edəcək.