Gürcüstanın daha bir idman növündə qalmaqal baş verib. Sportnet.az-ın məlumatına görə, ölkənin sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaları etiraz aksiyasına başlayıblar.
Səbəb federasiya prezidenti Luka Kurtanidzenin rəyasət heyəti ilə məsləhətləşmədən yığmalara yeni baş məşqçi təyin etməsidir. Güləşçilər Kurtanidze istefa verməyənədək məşqləri bərpa etməyəcəklərini bildiriblər. Onlar növbədənkənar seçkilərin keçirilməsi tələbini də irəli sürüblər.
Kurtanidze bir neçə gün öncə Revaz Mindoraşvilini sərbəst, Begi Darçiyanı isə yunan-Roma güləşi üzrə millinin baş məşqçi postundan istefaya göndərib. Onların yerinə müvafiq olaraq, Nuqzar Sxireli və Mixail Saladze təyin olunub. Saladzenin köməkçilərindən birinin isə Azərbaycan millisinin sabiq böyük məşqçisi Otar Tatişvilinin olması nəzərdə tutulub.
Federasiya prezidenti etirazları nizamnamədənkənar sayaraq, istefa verməyəcəyini və Gürcüstan çempionatı keçirərək, yığmaya yeni namizədlər seçəcəklərini açıqlayıb. Etirazçılar isə bu gün Gürcüstanın gənclər və idman naziri Levan Kipiani ilə görüşüblər. 3 saatadək davam edən qapalı görüşün ardından Kipiani deyib: "Vəziyyət çox mürəkkəbdir. Amma birgə səylərlə problemin həlli mümkündür. Növbədənkənar seçilərin keçirilməsi üçün Müşahidə Şurası işini davam etdirəcək. Yekun qərar yaxın günlərdə açıqlanacaq. Güləşçilər isə məşqlərini bərpa edəcəklər".
Qeyd edək ki, daha öncə Gürcüstanın 8 futbol hakimi danışılmış oyunlarda iştirakları səbəbindən həbs olunub.