
Oktyabrın 13-də keçiriləcək Xorvatiya yığması ilə AVRO-2016-nın seçmə qrup matçı Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts üçün revanş xarakteri daşıyacaq. Sportnet.az-ın məlumatına görə, komandamız bu ölkə ilə heç vaxt üz-üzə gəlməyib.
Amma Foqts Almaniya mullisinə rəhbəlik etdiyi vaxt - 1998-ci il dünya çempionatının 1/4 finalında məhz Xorvatiya yığmasından ağır məğlubiyyət alıb - 3:0. Bu məğlubiyyətdə "Bundestim"in ilk yarıda 10 futbolçu ilə qalması da az rol oynamayıb. Foqtsun komandasını məyus edənlərdən biri Xorvatiya Futbol Federasiyasının hazırkı prezidenti Davor Şuker olub. Həmin mundialda Şuker 6 qolla bombardir, komandası bürünc mükafatçı olub.
Foqtsa gəldikdə, o, həmin dünya çempionatından sonra istefa verərək, 2 il heç bir komandada çalışmayıb. Bugünkü mətbuat konfransında almaniyalı mütəxəssis istefasının Xorvatiyaya məğlubiyyətlə bağlı olmadığını iddia edib. O, hətta 1996-cı ildə bu komandaya qalib gəldiklərini xatırladaraq, "Biz də xorvatiyalıları udmuşuq" mesajını verib. Amma hər halda, təcrübəli baş məşqçi millimizin sükanı arxasında üz-üzə gələcəyi Xorvatiyadan qisas almağı düşünməmiş deyil...
Sportnet.az-ın təqdim etdiyi Xorvatiya - Almaniya matçı 16 il öncə Fransadakı dünya çempionatının 1/4 finalında baş tutub. Elə sabah da o, Fransadakı 2016-cı il Avropa çempionatına çıxarmaq istədiyi komandamızı federasiya prezidenti Davor Şukerin olduğu Xorvatiyaya qarşı çıxaracaq...