Qarşıdakı 7 gün "Neftçi" üçün UEFA Konfrans Liqasına vəsiqə uğrunda tamam və ya davam baxımından önəmli olacaq.
Sportnet.az-ın məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının XXXI turunun görüşlərindən və Bizon Azərbaycan Kubokunun final matçından sonra müəyyənləşə bilər.
Hazırda "ağ-qaralar" 30 oyundan 50 xalla 4-cü pillədə qərarlaşıb. UEFA Konfrans Liqasına vəsiqə verən 3-cü pillədəki "Turan Tovuz"un 56 xalı var. Tovuz komandası növbəti turda öz meydançasında autsayder "Karvan-Yevlax"a qalib gəlsə, "Neftçi"nin "Şamaxı" ilə öz meydançasındakı görüşünün nəticəsindən asılı olmayaraq, bu vəsiqəni rəsmiləşdirəcək. "Ağ-qaralar" hətta qarşıdakı 3 oyununu qələbə ilə başa vursa belə, ümumi qalibiyyət sayı az olduğundan, 3-cü pilləyə yüksələ bilməyəcək.
Bu halda, paytaxt təmsilçisi bütün ümidlərini Bizon Azərbaycan Kubokunun mayın 13-də keçiriləcək final matçına bağlayacaq. "Neftçi" ev oyunlarını keçirdiyi "Palms Sports Arena"da "Sabah"ın "Zirə"ni məğlub etməsinə ümid bəsləməli olacaq. Final oyununda "Zirə" qalib gəlsə, "ağ-qaralar"ın avrokubok ümidləri birdəfəlik puça çıxacaq.
"Sabah"ın qələbəsi isə 4-cü pillə uğrunda mübarizəni daha da şiddətləşdirəcək. Artıq təkcə "Neftçi" deyil, "Zirə" də çempionatı bu mövqedə bitirməyə çalışacaq.
2025/2026 mövsümündən kubok finalı Premyer Liqa yekunlaşdıqdan sonra yox, çempionatın gedişatında keçirilir.
Qeyd edək ki, hələlik yalnız "Sabah"ın Çempionlar Liqasına vəsiqəsi təmin olunub. Masazır təmsilçisi finalda qalib gəlsə, Avropa Liqasına vəsiqəni ikinci pillənin sahibi - hazırkı halda "Qarabağ" əldə edəcək. Ağdam komandası hazırkı mövqeyini tam təmin etmək üçün həftəsonu səfərdə "Qəbələ"ni udmalıdır.
Konfrans Liqasına isə 3-4-cü pillələri tutanlar yollanacaq. Beləliklə, artıq mayın 13-də bütün vəsiqələr sahiblərini tapacaq.













































































