Avro-2016-nın seçmə qrup mərhələsində 3-cü tura dünən keçirilən oyunlarla yekun vuruldu. Fransaya gedən yolda mübarizəyə qoşulan millilərin qarşılaşmalarında sürpriz nəticələr qeydə alınmaqda davam edir.
Geridə qalan 3 turda azarkeşlər həm bir-birindən maraqlı oyunların, həm də gözlənilməz hesabların şahidi oldular. Bəs, görəsən, bu seçmə tsikldə ümumiyyətlə, xal qazanmayan komandalar var? Əlbəttə ki, var. Azərbaycan da daxil, qitənin zəif futbol ölkələri hələ də xal üzünə həsrət qalıblar. Bəzi yığmalar isə 3 turdan sonra cəmi 1 xala seviniblər.
Sportnet.az geridə qalan 3 tura görə qısa təhlili təqdim edir.
A qrupu
Seçmə mərhələnin ən böyük sensasiyasını gerçəkləşdirən İslandiya millisinin 3 tura 9 xal qazanması nə qədər qəribə və gözlənilməz olsa da, son dünya çempionatının yarımfinalçısı – Hollandiyanın aktivində 3 tura yalnız 3 xalın olması bir o qədər təəccüblüdür. Qrupun autsayderinə çevrilən qardaş Türkiyə millisi də hələlik "sürünənlər sinfi”nə daxildir. Fatih Terimli "ay-ulduzlular” Qazaxıstanla hərəyə 1 xalla sonuncu yerləri bölüşdürürlər.
B qrupu
Bu qrupda da vəziyyət tam proqnozlaşdırıldığı kimi deyil. Misal üçün, DÇ-2014-ün iştirakçıları - Bosniya və Herseqovina, o cümlədən Braziliyadakı mundialın uğurlu millilərindən sayılan Belçikanın qrupda Uels və İsraildən geri qalması gözlənilməz nəticədir. Seçmə mərhələlərin aşkar autsayderi – Andorra milli komandasının hələ də xalsız qalması isə qeyri-adı hal deyil.
C qrupu
Seçmə mərhələyə uğurla start verən, geridə qalan 3 oyunun hamısında qalib gələn və ən əsası, Avropa və dünya çempionu İspaniyanı məğlub etməklə sensasiyaya səbəb olan Slovakiyanın çıxışlarının sonrakı turlarda təsadüf olmadığı göründü. Visente del Boskeli ispanlar, eləcə də Ukrayna millisi isə hələlik 6 xalla 2-3-cü yerləri bölüşdürürlər. Qrupun autsayderi Lüksemburq millisi, azərbaycanlılardan fərqli, heç olmasa, 1 xal qazana biliblər.
D qrupu
Ardıcıl iki turdur ən sensasion hadisələr, təbii ki, son dünya çempionlarının yer aldığı qrupda baş verir. Yoahim Lövün başçılıq etdiyi Almaniya millisi oktyabrın 13-də səfərdə Polşaya məğlub olsa da, İrlaniya ilə evdəki oyundan qələbə gözlənilirdi. Lakin Bundestim doğma meydanda da qalib gələ bilmədi. Hərəyə 7 xal toplayan Polşa ilə İrlandiyanın liderliyinə aşağıdan boylanan almanlara 3-cülük yaraşmasa da, faktdır. Avropa çempionatlarının seçmə mərhələlərində debüt edən Cəbəllütariq isə Berti Foqtsun millisindən azca "fərqlənir". Xal qazanmamaları bir yana, 3 oyuna 17 top buraxan "cırtdanlar” hələ qol vurmayıblar.
E qrupu
Digər bir əbədi autsayder E qrupunda İngiltərə ilə yarışır. San-Marino millisinin xal qazanmaması, yaxud qol vura bilməməsi normal haldır. Amma son dünya çempionatının 1/8 finalına çıxan və penaltilər seriyasına az qalmış qol buraxıb uduzan İsveçrə millisinin bu seçmə etapda ilk iki görüşdə məğlub olması sürpriz sayılmaya bilməz. Qələbəyə yalnız dünən sevinən isveçrəlilər 3 xalı San-Marinonun sayəsində qazandılar.
F qrupu
Azərbaycan millisi kimi, Farerlər də xal üzünə həsrət qalan azsaylı komandalardan biridir. Şimali İrlandiyanın 3 oyundan maksimum nəticə qazanması təkcə F qrupunun yox, ümumiyyətlə, seçmə mərhələnin sensasiyalarından biridir. Hətta Foqtsun millisi ötən seçmə tsikldə bu şimallılardan 4 xal ala bilib. İrlandların liderliyinin təəccüblü və gözlənilməz olduğu qədər, 2004-ün Avropa çempionu Yunanıstanın autsayder olması gözlənilməzliklərdən biridir. 3 oyuna yalnız 1 xal əldə edən qədim Ellada təmsilçiləri Farerlərdən yarım addım irəlidədirlər.
G qrupu
Lixtenşteynin 1 xal qazandığı, Moldovanın səfərdə Rusiya ilə 1:1 bərabərə qaldığı G qrupu digər qruplardan ona görə fərqlənir ki, burada Rusiya – Moldova matçını çıxmaq şərtilə, qeyri-adi hadisələr yaşanmır.
H qrupu
Nəhayət, Azərbaycan. Malta kimi dünya autsayderinin yer aldığı qrupda özün autsayder olasan, bax, əsl fəlakət budur. İtaliya və Xorvatiyanın liderliyi hər nə qədər proqnozlaşdırılan idisə, qrup vəziyyəti Azərbaycan millisinin də aşkar və faktiki "cırtdan” olmasını bir daha təsdiqləyir. Hərçənd AFFA başbilənləri Avro-2016-ya getməklə bağlı düzüb-qoşduqları nağıllardan söz açır, özlərini Ələddinin sehrli çırağı ilə Fransada görürdülər...
İ qrupu
Əbədi düşmənlərin – Serbiya və Albaniyanın bu qrupda yer alması UEFA-nın səhvidirsə, bizim düşmənimiz Ermənistanın 3 turdan sonra 1 xal qazanması, bir qədər gözlənilməzdir. Xüsusən bundan əvvəlki seçmə tsikldə pley-offun addımlığında olan "dığa”lar AFFA rəhbərliyini kütləvi intihardan xilas etmişdi, mundiala yollana bilməməklə. İki oyuna 4 xal toplayan Albaniya Avro-2016-ya getmək şanslarını əvvəldən saxlayır. UEFA rəhbərliyinin dünən yarımçıq dayandırılan Serbiya – Albaniya oyunu ilə verəcəyi qərardan asılı olaraq, "Qarabağ”lı Ansi Aqollinin komandasının imkanları genişlənə bilər. Ermənilər isə elə bizim kimi, qrupda sonuncu olsalar, yaxşıdır. Bizim təsəllimizə bir bax...
Elvin ƏHƏD