Azərbaycan futbolunun indiki durumu mənə "Simurq"un rəsmi saytından boylanan quzunu xatırladır. Hər ikisi miskin, yazıq baxışlarla xilaskarlarını arayır. Biri Foqtsun, biri də qəssabın əlindən qurtulmaq istəyir.
Amma o quzu qurbanlıqdı. Xilas edilməyəcək. Qurtulammaz. Hər nə qədər yazığımız gəlsə də, Qurban bayramında kəsilmək üçündü. Bəlkə də indi həyatda yoxdu. Çünki bayramdan 5-6 gün keçib. O quzunun başını Cəbəllüttariq boğazı kimi üzüblər. Nə olsun ki, hələ də sayta xüsusi zövq, yaraşıq verir...
Azərbaycan futbolu isə 7 ildən çoxdu Foqtsun əsirinə çevrilib. Bir alman düşərgəsində inləyir. Hər cür işgəncəyə dözür. Foqts istəsəydi, futbolumuzu Allah yolunda qurban verərdi. Amma o, QURBAN istəmir. Çünki gördüyü, bildiyi yalnız bir QURBAN var. Adını eşidəndə qısqanır, bəlkə də paxıllıq edir. Hər kimdisə, ondan çəkinir...
Bəlkə də istəyirdi ki, baş məşqçi kürsüsündə vəliəhdi tərcüməçisi Aydın olsun. Lap Mourinyo kimi. Kurslara qatdı, oxutdurdu, əlinə diplom verdirdi. Amma yerinə hazırlaya billmədi, bacarmadı. İmkan da vermədilər.
Aydını Elxan Məmmədov aşırdı. Torbasını tiksəydi, bundan yaxşı idi. Sadəcə, suya tulladı. Dedi ki, atalar məsəli var: Su - Aydınlıqdı. Milli yox ha...
Foqtsdan isə hətta hamam suyu ilə dost tutduqları belə üz döndərdilər. Vaxtilə üzünə gülənlər indi qarasına döşəməyə başladılar. 7 ildi, 70 oyundu tərifləyib gəzənlər 1 oyunda 6 qolu ona çox gördülər. Tərcüməçisini suya, özünü quyuya tulladılar.
Axı niyə?
Səbəbi məlumdur. Deyirlər, Elxan Məmmədov incəsənətə dəyər verənlərdəndir. Rəssam ailəsində böyüyüb. Özü yaxşı bilir ki, incəsənət QURBAN tələb edir.
Təkcə incəsənətmi?
Bax, elə buna görə...