2009-cu il dekabrın 5-də keçirilmiş "Turan" - "Neftçi" matçı ilə bağlı hazırda "Araz Naxçıvan"da məşqçi kimi çalışan Nizami Sadıqov Sportnet.az-a müsahibə verib. Sadıqov "Turan"ın baş məşqçisi olduğu vaxt komandada çıxış etmiş Valeri Onilenin "Neftçi"yə bilərəkdən uduzmalarına dair açıqlaması ilə bağlı danışıb...
- Moldova milli komandasının sabiq futbolçusu Valeri Onile 5 il öncə Azərbaycan futbolunda baş vermiş danışılmış oyunla bağlı müsahibəsindən xəbəriniz var?
- Moldova milli komandasının sabiq futbolçusu Valeri Onile 5 il öncə Azərbaycan futbolunda baş vermiş danışılmış oyunla bağlı müsahibəsindən xəbəriniz var?
- Moldovan futbolçu çox şey deyə bilər. Gedib orda nə deyib-nə deməyib... Mən də fikrimi demişəm, qayıdıb təkrar etmək istəmirəm.
- Bu oyunun danışılmış olduğu əvvəlcədən də yazılmışdı. Onile, sadəcə faktı təsdiqləyib...
- Hamısı boş şeylərdir. Xahiş edirəm, başqa nəsə sualınız, sözünüz varsa, deyin. Bu barədə demişəm, qayıdıb-qayıdıb təkrarlamaq istəmirəm.
- O deyib ki, heyətə elə futbolçular buraxmışdılar ki, əsas heyət üzvləri deyildilər...
- Əşşi, yox eee... Protokol 5-10 il əvvəldə qalıb. İki dənə zədəli futbolçu vardı deyə başqasını buraxdıq. Kimlikləri yadımdan çıxıb. 5 il sonra deyir ki, heyəti belə qurmuşdular. Qurama-qurama şeylər yazırlar orda.
- Bəs necə oldu ki, ikinci hissədə 3 top buraxdınız?
- Bizim komanda ilə "Neftçi" arasında səviyyə eyni deyildi axı. "Neftçi" çempionluğa oynayırdı. Biz isə autsayder idik.
- Xeyr, həmin vaxt "Neftçi" çempionluğa oynamırdı, çox zəif çıxış edirdilər...
- Qardaş, sənə quzu kəsim. Bunların hamısı çoxdan olub. Nə soruşmaq istəyirsən məndən?
- Onile deyib ki, ilk yarıdan sonra 2:0 hesabı ilə öndə idik. Fasilə vaxtı paltardəyişmə otağına girərkən, baş məşqçimizi qəmgin gördük. O, bizə dedi: "Uşaqlar, kömək edin ki, uduzaq. Amma heç bir mükafat olmayacaq"...
- Hamısı boş şeylərdir. Bu dəqiqə nə var ki... Kimə nə istəsən, deyə bilərsən. Mətbuatdır, azadlıqdır, demokratiyadır. Kimin nə fikri var, deyir. Mən də durum bir dənə söz buraxım ki, bu, belədir. Yəni, boş şeylərdir hamısı. Başqa nə sözün var, de.
- Başqa sualım da elə bununla bağlıdır. Olmayan bir şeyi necə danışa bilər axı?
- Mən nə bilim necə danışa bilər? Mümkünü yoxdur onun. Futbolda qazandığım adı ömür boyu ləkələyə bilmərəm. Heç kim də mənə deyə bilməz ki, belədir. İllərdir futbol da oynamışam, məşqçi də işləmişəm. Mənim belə bir işim yoxdur, ömrüm boyu da ola bilməz.
- 20 ildən çox davam etmiş futbolçu karyeranız ərzində bir dəfə olsun, eşitməmisiz ki, Azərbaycan çempionatında danışılmış oyun var?
- Mümkün ola bilməz.
- Olmayıb Azərbaycanda danışılmış oyun?
- Sənə quzu kəsərəm, mən onu deyə bilmərəm. Heç kimin adından danışa bilmərəm. Mən öz adımdan danışıram.
- Heç eşitməmisiniz belə bir məsələ?
- Yox.
- Demək Azərbaycan bütün oyunlar şəffaf şəkildə keçirilib?
- Sənə quzu kəsərəm, uzatmayaq söhbəti. Başqa nə sözün var de.
- Deyirsiz ki, boş söhbətdir. Boş söhbət olduğunu nə ilə sübut edə bilərsiniz?
- Mən durum nə edim? Durum onu məhkəməyə verim?
- Sizə şər atırsa, verə bilərsiniz...
- Şey eləməyin. Siz lap şey edirsiz e... Oldu, sağ olun.