
"Bakı" komandasının futbolçuları Premyer Liqada XI turun "Qəbələ" ilə səfər matçına yollanmaq istəməyib. Sportnet.az-ın əldə etdiyi məlumata görə, səbəb onların əməkhaqqı borclarının hələ də verilməməsi olub.
Ötən mövsümün son dövrəsində olduğu kimi, yenə "Qəbələ" ilə oyun öncəsi üsyan edən futbolçuları klubun vitse-prezidenti və faktiki rəhbəri Yaşar Seyidov çətinliklə yola gətirə bilib. Seyidov noyabrın ortalarınadək əməkhaqqı borcunun bir hissəsini ödəməyə çalışacaqlarını söyləyib. Klub rəsmisinin bu sözlərindən sonra komanda üzvləri dünən Qəbələyə yollanaraq, şəhərdəki sadə otellərdən birində məskunlaşıblar.
Xəbəri Sportnet.az-a açıqlamasında Seyidov qismən təsdiqləyib. O bildirib ki, komandada maliyyə problemləri hələ də qalmaqdadır. Futbolçuların da bu duruma etirazları təbiidir. Bununla yanaşı, "Bakı" rəsmisi hazırkı şəraitdə meydana çıxmamalarının klubun dağılmasına səbəb olacağını, belə bir halın isə ümumilikdə Azərbaycan futbolunun ziyanına olacağını söyləyib: "Futbolçulara dedim ki, mövsümü sona çatdırmağımız lazımdır. Çünki oynamasaq, klubumuz dağılacaq. Bu isə akademiyamızdan yetişən və hazırda da futbolun sirlərinə yiyələnən xeyli futbolçunun sevimli peşəsindən ayrı düşməsinə, futbolumuzun inkişafına zərbə ola bilər. Ona görə hətta əvəzedici heyətlə də olsa, oynamalıyıq".
Qeyd edək ki, "Qəbələ" - "Bakı" matçı bu gün saat 15:30-da başlanacaq.