Azərbaycanın əfsanəvi futbolçusu Nazim Süleymanov Sumqayıtda da mükafatlandırılıb. Sportnet.az-ın məlumatına görə, Süleymanov bu gün AZAL-la Topaz Premyer Liqasının XXII tur matçından öncə "Sumqayıt" rəhbərliyindən hədiyyələr alıb.
Ona doğulduğu şəhərin avtomobil seriyası olan 50 nömrəli forma verilib. Bu forma həm də sabiq hücumçunun 50 yaşının tamamlanması münasibətilə təqdim edilib. Daha sonra yubilyar oyunun başlaması münasibətilə topa rəmzi toxunuş edib.
Qeyd edək ki, Nazim Süleymanov daha öncə XXI turun "Bakcell Arena"da keçirilmiş "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşmasından öncə Peşəkar Futbol Liqası və "Neftçi" tərəfindən mükafatlandırılıb.