
Türkiyənin Antalya bölgəsində olan Azərbaycan milli komandası bu gün Robert Prosineçkinin rəhbərliyi altında ilk məşqinə çıxıb. Sportnet.az-ın məlumatına görə, Antalyada olan bir qrup jurnalist də məşqin ilk yarım saatlıq bölümünü izləyiblər.
Bakı vaxtı ilə saat 18:30-da başlanan hazırlıq prosesinə 21 futbolçu qatılıb. Prosineçkinin zədə üzündən Antalyaya gətirmədiyi yarımmüdafiəçi Rəşad Sadiqovla qapıçı Səlahət Ağayevdən əlavə, Almaniya "Ayntraxt"ının qolkiperi Emil Balayev də ilk məşqdə yer almayıb. Balayevin İstanbuldakı əlverişsiz hava şəraiti üzündən Türkiyəyə gəlişində problem olduğu açıqlanıb. Üstəlik kollektiv çalışmalarda müdafiəçi Maksim Medvedev də iştirak etməyib. Medvedev fərdi məşq edib.
Ötən gün Azərbaycan Premyer Liqası matçlarında oynamalarına rəğmən, futbolçular kross qaçışından qalmayıblar. Meydan boyunca bir neçə dəfə dövrə vuran oyunçulara məşqçilərdən də qoşulanlar olub. Daha sonra onlar iki yerə bölünərək, qaçıblar. Ardından futbolçular "kvadrat" oynayıblar.
Qeyd edək ki, millimiz növbəti günlərdə səhər və axşam məşqlərinə, fevralın 24-də isə Ukrayna "Şaxtyor"u ilə yoxlama matçına çıxacaq.