
Bakının "İnter" futbol komandasına yeni köməkçi-məşqçi cəlb olunub. Sportnet.az-ın məlumatına görə, texniki heyət Marino Pusiçin simasında əlavə məşqçi ilə gücləndirilib.
Bu qərar baş məşqiçi Kaxaber Tsxadadzenin mövsümün sonunadək "İnter”ə və Gürcüstan millisinə rəhbərlik edəcəyi ilə əlaqədar verilib. "İnter"in idman direktoru Roland Vromans klubun rəsmi saytına açıqlamasında deyib: "Biz onu mövsümün sonunadək texniki heyəti gücləndirmək üçün yaxşı namizəd hesab edirik. Bununla da diqqətimizi əsas komandanın oyunçularına və nəticəyə yönəldərik. Eyni zamanda komandanın yeni texniki heyətini gələcək bir neçə il ərzində formalaşdıra bilərik".
Qeyd edək ki, Marino Pusiç 1971-ci il avqustun 18-də Bosniya və Hersoqovinanın Mostar şəhərində anadan olub. Peşəkar futbolçu kimi o, "Srvena Zvezda" (Belqrad, Serbiya), "Velez" (Mostar, Bosniya və Hersoqovina), "Köln" (Almaniya), "De Qrafşap" (Hollandiya), "Qo Ahed İqlz" (Hollandiya) kimi klublarda və iki oyun Bosniya və Hersoqovina yığmasında çıxış edib. Pusiç 2009 - 2013-cü illərdə "Vitess" (Hollandiya) klubunun 19 yaşlılardan ibarət komandasını çalışdırıb, 2013-cü ildə isə UEFA Pro lisenziyası alıb. 2013- cü ilin iyulun 1- dən 2014-cü ilin oktaybrınadək "NAC Breda" (Hollandiya) klubunda köməkçi məqçi kimi çalışıb.