
Bu gün Gürcüstanın paytaxtı Tiflisdə kişi və qadınlar arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı start götürüb. Sportnet.az-ın məlumatına görə, 8 gün davam edəcək çempionatda Azərbaycanı 6 atlet təmsil edir.
Onlardan biri ilk yarış günündəcə "körpücük" üzərinə çıxıb. Kişilər arasında 56 kq çəki dərəcəsində yer alan Elmar Əliyev A qrupunda mübarizə aparıb. Onun qrupunda 10 idmançı yer alıb. Atletimiz birdən qaldırma hərəkətində ilk olaraq 107 kq-ın öhdəsindən gəlib. Lakin onun 111 kq üçün sonrakı iki cəhdi uğursuz olub və 9-cu yeri tutub.
Əliyev təkanla qaldırma hərəkətində də eyni cür mübarizə aparıb. O, ilk yanaşmasında 137 kq-ı ram edib. Sonrakı cəhdlərində isə əvvəlcə 142kq, sonra isə 143 kq-lıq ağırlığın öhdəsindən gələ bilməyib. Buna baxmayaraq, Alıyev bu hərəkətdə Avropanın 4-cüsü olmağı bacarıb.
Toplamda 244 kq (107 kq +137 kq) nəticə göstərən Elmar Əliyev yekun sıralamada 7-ci yeri tutub.
Digər ağırlıqqaldıranlarımızın yarış qrafiki:
12 aprel. A qrupu. Valentin Xristov (62 kq)
13 aprel. A qrupu. Boyanka Kostova (58 kq)
14 aprel. B qrupu. Əfqan Bayramov (77 kq)
14 aprel. A qrupu. İvan Stoitsov (77 kq)
16 aprel. A qrupu. Anastasiya İbrahimli (69 kq)
Qeyd edək ki, Avropa çempionatında 38 ölkədən 15 çəki dərəcəsi üzrə 232 ağırlıqqaldıran mübarizə aparacaq. Onlardan 8 çəki dərəcəsi üzrə 136-sı kişilər, 7 çəki dərəcəsi üzrə 96-sı qadınlardır.