Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Patimat Abakarova bürünc medal uğrunda həlledici görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 49 kq çəki dərəcəsində yer alan 22 yaşlı idmançı fransalı Yasmin Azizlə üz-üzə gəlib.
Görüşün ilk iki hissəsində Abakarova xallar qazanaraq, 3:1 hesabı ilə önə çıxıb. Üçüncü raundda isə o daha 3 xal qazanıb və 6:1 hesabı ilə qalib gəlib. Son saniyələrdə tərəflər hərəyə bir xalla kifayətlənib - 7:2.
Beləliklə, Patimat Abakarova Azərbaycan tarixində ilk dəfə olimpiya medalına yiyələnib. Əvvəlki 3 olimpiadada bunu əldə etmək mümkün olmayıb. Abakarova tarixi nailiyyətə bürünc medalla qovuşub.
Qeyd edək ki, bu, "Rio-2016"da 7-ci medal olub. Daha öncə cüdoçu Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq), eləcə də qadın güləşçi Mariya Stadnik (48 kq) gümüş, yunan-Roma güləşçiləri Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq), eləcə də kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) bürünc medal qazanıb.
-------------------------------------
Taekvondoçumuz ikiqat olimpiya çempionunu yendi
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Patimat Abakarova bürünc medal uğrunda ilk təsəlliverici görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 49 kq çəki dərəcəsində yer alan 22 yaşlı idmançı çinli ikiqat olimpiya çempionu Jinqyu Vu ilə qarşılaşıb.
Görüşün sonlarınadək Abakarova geridə olsa da, axırıncı saniyələrdə qələbəni əldən verən qadın güləşçilər Mariya Stadnik və Yuliya Ratkeviçdən fərqli olaraq, başa zərbə ilə qalib gələ bilib - 4:3.
O, növbəti döyüşdə fransalı rəqibi Yasmin Azizi də yensə, Azərbaycan taekvondosu tarixində ilk dəfə olimpiya medalına yiyələnəcək.
----------------------------------------
00:11. Taekvondoçumuz bürünc medal şansı qazandı - YENİLƏNİR
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Patimat Abakarova ilk görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 49 kq çəki dərəcəsində yer alan dağıstanlı idmançının rəqibi serbiyalı Tiyana Boqdanoviç olub.
1/8 final qarşılaşması Avropa çempionu Boqdanoviçin qələbəsi ilə yekunlaşıb - 3:2. İlk 3 raunddan sonra Abakarova 0:3 hesabı ilə geridə olub. Sonuncu raundda o, fərqi minimuma endirsə də, məğlubiyyətdən yaxa qurtara bilməyib.
Lakin Abakarova bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq imkanı qazanıb. Səbəb Boqdanoviçin finaladək irəliməsidir. Saat 03:00-da Çin təmsilçisi Jinqyu Vu ilə keçirəcəyi döyüşdə Abakarova qalib gələrsə, bürünc medal uğrunda həlledici döyüşdə fransalı rəqibi Yasmin Aziz ilə görüşəcək.