Braziliyada keçirilən XV Yay Paralimpiada Oyunlarında bu gün Azərbaycanın daha 9 idmançısı mübarizə aparacaq. Sportnet.az-ın məlumatına görə, paralimpiyaçılar cüdo, atletika, üzgüçülük və kamandan oxatma yarışlarında qüvvəsini sınayacaqlar.
İlk olaraq kamandan oxatmada Zinyət Vəliyeva hədəfi dəqiq nişan almağa çalışacaq. Yarışlar Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Atletlərdən Oloxan Musayev disk atma yarışında çıxış edəcək. Həlledici yarışda medal qazanan paralimpiyaçılar müəyyənləşəcək. Final saat 17:00-da start götürəcək. Kişilərin 100 metr məsafəyə qaçışında Elçin Muradov medallar uğrunda mübarizəyə qoşulacaq. Azərbaycanlı paralimpiyaçı uğurlu çıxış edəcəyi halda sentyabrın 11-də baş tutacaq yarımfinalda iştirak hüququ qazanacaq. Saat 17:26-dan etibarən Muradovun yer aldığı 3 qrupun yarışları başlayacaq.
Cüdoçulardan 100 kq çəkidə Kənan Abdulxanlı 1/8 finalda ukraynalı Oleksandr Pominovu məğlub etməyə çalışacaq. Qalib gələn paralimpiyaçı 1/4 finalda koreyalı Çoi Qvanqqeu ilə üz-üzə gələcək. Azərbaycanın paralimpiadadakı bayraqdarı İlham Zəkiyev də bu gün tatami üzərinə çıxacaq. Zəkiyev ağır çəkidə (+100 kq) 1/4 finalda mübarizə aparacaq. Bayraqdar Adilcan Tuledibayev (Özbəkistan) - Benjamin Qudriç (ABŞ) duelinin qalibi ilə mübarizə aparacaq. Cüdo yarışları saat 17:00-da başlayacaq.
Üzgüçülərdən Raman Saley və Dmitri Saley qardaşları çıxış edəcək. Bu yarışa 17:47-də start veriləcək. Digər paralimpiyaçımız Oleq Panyutin və Kamil Əliyev isə saat 17:47-də başlayacaq uzunluğa tullanma yarışlarında mübarizəyə qoşulacaq.