
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə vəsiqə qazanıb. Sportnet.az-ın məlumatına görə, bu, İspaniyanın Malyorka şəhərində keçirilmiş FİDE (Beynəlxalq Şahmat Federasiyası) Qran Prisinin son mərhələsinin yekununda müəyyənləşib.
Yarışda Azərbaycanı Teymur Rəcəbov təmsil etsə də, 5,5 xalla 3 - 9-cu yerləri bölüşüb. Bununla da Qran Pri mərhələlərinin yekununda ilk 2 yeri tutmuş Məmmədyarovla (340 xal) rusiyalı Aleksandr Qrişuk (336,4 xal) İddiaçılar Turnirində iştirak hüququna yiyələnib. Digər vəsiqələrə daha 2 rusiyalı - Sergey Karyakin və Vladimir Kramnik, ermənistanlı Levon Aronyan, çinli Din Li Jen sahib olub. Son vəsiqələr isə FİDE reytinqində ən yüksək reytinqli 2 şahmatçıya veriləcək.
Qeyd edək ki, 420 min avro mükafat fonduna malik İddiaçılar Turniri 10 - 28 mart 2018-ci ildə Almaniyanın paytaxtı Berlində təşkil olunacaq. Yarışın qalibi dünya çempionu adı uğrunda görüşdə norveçli Maqnus Karlsenlə üz-üzə gələcək.