Azərbaycan cüdoçusu Hidayət Heydərov çəki dərəcəsini dəyişib.
Sportnet.az-ın məlumatına görə, 22 yaşlı idmançı 81 kq çəkidə çıxış etməyə qərar verib. Onun 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışlarda ilk sınağı hazırda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən Böyük Dəbilqədə gerçəkləşib. Bunadək isə gənc cüdoçu Hərbçilərin Dünya Oyunlarında 81 kq-da çıxış edib və bürünc medala yiyələnib.
Heydərov bunadək 73 kq çəki dərəcəsində çıxış edib. O, 2017-ci ildə Avropa çempionatının və IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Gənc cüdoçu qitə və dünya çempionatlarında dəfələrlə mükafatçı olmağı da bacarıb.
Qeyd edək ki, hazırda 73 kq çəkidə Rüstəm Orucov da çıxış edir. Orucov son dünya çempionatının yarımfinalında məhz Hidayət Heydərovu məğlubiyyətə uğradıb. 81 kq çəki dərəcəsində isə hələlik Azərbaycanın yüksək nəticəli cüdoçusu yoxdur.