
İspaniya yığma komandasının baş məşqçisi Visente Del Boske DÇ-2014 çərçivəsində Hollandiya millisindən aldıqları 1:5 hesablı məğlubiyyəti şərh edib. Sportnet.az-ın məlumatına görə, 64 yaşlı mütəxəssis konkret günahkarların adlarını açıqlamaqdan boyun qaçırıb.
DÇ-2010-da İspaniyaya qızıl medalları qazandıran Del Boske rəqib düşərgəsindən van Persi və Robbeni xüsusi qeyd edib: "Bu məğlubiyyəti izah etməyə söz tapmıram. Müdafiədə hamı zəif oynadı. Ancaq indi günahı kiminsə üzərinə atmaq vaxtı deyil. Hamımızın təqsiri var. Çili ilə oyuna hazırlaşıb, qələbə qazanmaq lazımdır. Paltardəyişmə otağında yetirmələrimlə söhbətim oldu və düşünürəm ki, bu, növbəti oyunlarda bəhrəsini verəcək".