Gənclər və İdman Nazirliyinin inzibati binasında "İdman veteranları" İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
Nazirliyin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Olimpiya çempionu, “İdman veteranları” İctimai Birliyinin sədri Zemfira Meftaxetdinova çıxış edərək təşkilatın fəaliyyətinə dair 2024-cü ildən ötən dövr ərzində görülən işlər barədə hesabatı təqdim edib.
Daha sonra İctimai Birliyin rəhbərliyinə seçki keçirilib. Zemfira Meftaxetdinova “İdman veteranları” İctimai Birliyinin prezidenti seçilib. Tamilla Bünyadova birinci vitse-prezident, Rafiq Hacıyev və Elşad Nərimanov vitse-prezidentlər, Tərlan Həsənov, Şamil Əbdülrəhmanov, Lyudmila Şubina, Əhməddin Rəcəbli və Nigar İbrahimova isə İdarə Heyətinin üzvləri seçiliblər.
Eyni zamanda, İctimai Birliyin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb və səsvermə nəticəsində yeni redaksiya qəbul olunub.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Nurlana Məmmədzadə “İdman veteranları” İctimai Birliyinin ümumi yığıncağı, nizamnaməsi və onun yeni redaksiyası barədə təqdimatla çıxış edib.
Sonda Zemfira Meftaxetdinova göstərilən etimada görə təşəkkür edib.