Qazaxıstanlı fiqurlu konkisürən Mixail Şaydorov ölkə tarixində qış idman növləri üzrə ikinci olimpiya çempionu adını qazanıb.
Sportnet.az xəbər verir ki, 21 yaşlı idmançı İtaliyanın Milan və Kortina-d’Ampezzo şəhərlərində keçirilən Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb.
O, qısa və sərbəst proqramların cəminə görə 291,58 xal toplayaraq yaponiyalı iki əsas rəqibi - Yuma Kagiyama (280,06) və Sün Satonu (274,90) geridə qoyub.
Bununla da Şaydorov Qazaxıstana Qış Olimpiya Oyunları tarixində fiqurlu konkisürmə üzrə ilk, ümumilikdə isə ikinci qızıl medalını ölkəsinə qazandırıb. Daha əvvəl bu uğura yalnız xizəkçi Vladimir Smirnov imza atıb. O, 1994-cü ildə Norveçin Lillehammer şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında 50 km məsafəyə yürüşdə çempion olub.
Fiqurlu konkisürmə növündə Azərbaycanı təmsil edən Vladimir Litvintsev isə qısa proqramda 29 iştirakçı arasında sonuncu yeri tutaraq, ilk "24-lüy"ə düşə bilmədiyi üçün sərbəst proqramdan da kənarda qalıb.
Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunları fevralın 22-dək davam edəcək. Oyunlar çərçivəsində ümumilikdə 116 medal dəsti uğrunda mübarizə aparılır.











































































