
Azərbaycanı və "Qəbələ” İdman Klubunu MMA idman növündə beynəlxalq döyüşlərdə təmsil edən Bəxtiyar Abbasov Asiyanın ən reytinqli yarışı olan "One Fighting Championship” turnirində ilk döyüşünü keçirəcək. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 2014–cü ilin martında bu yarışda çıxış etməyə qərar verən və təşkilatçılar tərəfindən qəbul olunan idmançımız mayın 30-da Sinqapurda debüt edəcək.
Həmin gün Asiya ölkəsinin "Singapore İndoor Stadium” arenasında 10 döyüş keçiriləcək. Günün əsas qarşılaşması isə yarımorta çəki dərəcəsində olacaq. Təmsilçimiz Abbasov burada Ben Askrenlə rinqə çıxacaq.
5 ildən artıqdır ki, MMA döyüşlərində yer alan 28 yaşlı Abbasov 14-cü dəfə qüvvəsini sınayacaq. Abbasovun aktivində ilk raundda qələbə qazandığı 13 döyüşü var. PROFC – GPG çempionu, pankration, döyüş sambosu, sambo, ciu–citsu, əlbəyaxa döyüş üzrə dünya çempionu, sambo üzrə Dünya kuboku çempionu, döyüş sambosu üzrə Avropa çempionu, sambo üzrə Azərbaycan çempionu, cüdo üzrə Azərbaycan çempionu kimi titullara sahibdir. O, beynəlxalq dərəcəli idman ustasıdır.
İdmançımızın rəqibi Askrenin 29 yaşı var. 178 sm boya malik amerikalı MMA döyüşlərində 4,5 illik təcrübəyə malikdir. Askren 2008–ci il Pekin Yay Olimpiya Oyunlarında sərbəst güləş növündə ABŞ–ı təmsil edib, 2009–cu ildə isə qrepplinq üzrə dünya çempionu tituluna sahib olub.
Qeyd edək ki, "One Fighting Championship” Asiyanın ən böyük promouter kontorudur. 2011–ci ilin iyulunda yaradılan qurum Sinqapurda qərarlaşıb. Həmin ilin sentyabrında ilk döyüşlərini təşkil edən qurum 2 ildən artıq müddətdə Asiya MMA döyüşlərini yeni səviyyəyə qaldırmağa müvəffəq olub.
Sevinc XANQIZI