Azərbaycan 2021-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatında kişilərin fərdi yarışında 2 fiqurlu konkisürənlə təmsil olunacaq.
Sportnet.az-ın məlumatına görə, bu, hazırda Avstriyanın Qrats şəhərində davam edən analoji yarışda ölkə idmançısı Vladimir Litvintsevin çıxışı sayəsində mümkün olub.
Litvintsev kişilərin sərbəst proqramında 8-ci, qısa proqramda da 17-ci olub. İki çıxışın cəmində 221,09 xal toplayan 19 yaşlı idmançı çempionatı 9-cu yerdə başa vurub. Azərbaycana əlavə yer onun ilk "10-luğ"a düşməsi sayəsində verilib.
Qeyd edək ki, Avropa çempionu adına rusiyalı Dmitri Əliyev layiq görülüb. O, 272,89 xal toplayaraq, bütün rəqiblərini qabaqlayıb ("Report").