"Mənə etimad göstərilib, buna görə təşəkkür edirəm. Bu idman ölkəmizdə çox tanınmasa da, potensialı var".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Badminton Federasiyasının prezidenti seçilmiş Taleh Ziyadov mətbuat konfransında deyib.
O bildirib ki, gənclər və yeniyetmələr bu idman növü ilə məşğul olmalıdır: "Bildiyiniz kimi, Tokio-2020 Yay Olimpiya Oyunlarında ölkəmiz təmsil olunub. Mən uşaqlıqdan - 11 yaşımdan badmintonla peşəkar şəkildə məşğul olmuşam. Azərbaycanın regionlarında bu idman növünün yayılması üçün səylər göstərəcəyəm".
Yeni federasiya prezidenti azərbaycanlı badmintonçular qarşıdakı olimpiadalara qatılacağına ümid etdiyini söyləyib: "Uşaqları 11-12 yaşında götürüb yetişdirmək lazımdır ki, olimpiadaya çıxsınlar. Məşq proseslərini dünya standartlarına uyğunlaşdırmaq və istedadlı gəncləri seçmək lazımdır. Qarşıdakı illərdə azərbaycanlı idmançıların beynəlxalq yarışlarda iştirak etdiyini görəcəksiniz. 2028-ci il Los-Anceles olimpiadasında bir yerli idmançı görə bilərik. Uşaqları, xüsusilə qızları bu idman növünə təşviq etmək lazımdır".