Azərbaycanı fiqurlu konkisürəni Yekaterina Ryabova Fransanın Monpelye şəhərində keçirilən dünya çempionatının qısa proqramında ilk çıxışını edib.
Qış İdman Növləri Federasiyasından Sportnet.az-a verilən məlumata görə, Ryabova 65.50 xal toplayaraq 9-cu yerdə qərarlaşıb.
Topladığı xalların nəticəsinə uyğun olaraq o, növbəti mərhələyə yüksəlib.
Ryabovanın növbəti çıxışı sərbəst proqram üzrə martın 25-də olacaq.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan 4 idmançı - Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy ilə təmsil olunur.
Vladimir Litvintsev martın 24 -də qısa proqramda, martın 26-da sərbəst proqramda çıxış edəcək.
Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy isə martın 25 və 26-da qısa və sərbəst proqram üzrə çıxış edəcəklər.
Dünya çempionatına martın 27-də yekun vurulacaq.