
"Olimpiya lisenziyası almaq üçün Rostislav Pevtsov reytinqdə 55 ən yaxşı idmançıdan biri olmalıdır. Bu, nəticələrini daim yaxılaşdıran Azərbaycan təmsilçisi üçün real məqsəddir".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan Triatlon Federasiyasının prezidenti Elçin Əliyev deyib.
Funksioner 35 yaşlı atletin Norveçin Bergen şəhərində keçirilmiş Dünya Kubokunda 17-ci yeri tutması barədə danışıb: "Norveçin triatlonda davamlı təkamülü bu idman növündə ilk addımlarını atan Azərbaycan kimi ölkələrin gələcəyə optimist baxmalarına imkan verir. Pevtsov hazırda müxtəlif beynəlxalq yarışlarda göstərdiyi nəticələr əsasında formalaşan triatlonçuların ümumi reytinqində 70-ci yeri tutur və idman göstəricilərini davamlı yaxşılaşdırır".
Əliyevin sözlərinə görə, beynəlxalq səviyyəli yeni nəsil atletlərin yetişdirilməsi üçün gənc və istedadlı idmançıların aparıcı triatlonçularla birlikdə təlim-məşq toplanışlarında iştirakı vacibdir: "Gənclər və İdman Nazirliyinin toplanışlarının ekosisteminin Azərbaycanda yaradılması ölkənin müxtəlif idman növlərinin inkişafına birbaşa dəstək olacaq. Gələcəkdə beynəxlaq formatlı hazırlıq proseslərinin, o cümlədən Avropa triatlon birliyinin təşkilatçılığı ilə Avropa Triatlon Düşərgəsinin Azərbaycanda təşkili bu prosesi daha da sürətləndirəcək".
Qeyd edək ki, Rostislav Pevtsov Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edib. Növbəti olimpiada 2024-cü ildə Fransanın paytaxtı Parisdə olacaq.