
Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının ikinci talismanı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, Sandra adlı salamandradır.
Ötən həftə Krakusek adlı əjdaha Oyunların əsas talismanı kimi qalib olub. Salamandra dizaynı isə ikinci yeri tutub. Bu dizaynı Voyniç şəhərindən olan 10 yaşlı qız Qloriya Qorik hazırlayıb.
O, Krakusekin dizayneri Katajina Bişta ilə bərabər Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə VIP bilet əldə edib.
Sandra Polşanın Krakov regionu ərazisində də yaşayan salamandraya əsasən hazırlanıb. Təşkilatçılar bildiriblər ki, real heyvan salamandra ilə miflərə əsasən, Krakovdakı Kral qəsri Vavel ətrafında yaşayan əjdaha bir-biri ilə yaxşı üst-üstə düşür. Habelə bildirilib ki, iki talismanın olması Oyunların "Biz birik" devizinə uyğundur.
Qeyd edək ki, III Avropa Oyunlarının açılış mərasimi 2023-cü il iyunun 23-də keçirilməlidir. Oyunların Proqramına 25 idman növü salınsa da, təşkilatçılar sayın artacağına ümidlidirlər.