Azərbaycan Respublikası Atçılıq Federasiyası Binə Atçılıq Mərkəzində yerləşən hippodromda cıdır yarışı keçirib.
Sportnet.az xəbər verir ki, 5 qaçışdan ibarət cıdırda 3 yaşlı Qarabağ və Dilbaz atları 1400 metr məsafədə qrup üzrə, 3 yaşlı ingilis atları 1600 metr, 4 yaş və yuxarı yaşlı Qarabağ və Dilbaz atları 1600 metr, 3 yaş və yuxarı ərəb atları 1800 metr, 4 yaş və yuxarı ingilis atları isə 2000 metr məsafədə Handikap sistemi üzrə güclərini sınayıblar.
Üç yaşlı Qarabağ və Dilbaz atlarının yarışında jokey Hilal Nəzərov "Zirvə” ləqəbli atla 1-ci, Vüsal Nəzərov "Yalçın qız” ləqəbli atla 2-ci, Orxanbəy Hacıyev isə "Laləzar” ləqəbli atla 3-cü olub.
Üç yaşlı İngilis atlarının yarışında Orxanbəy Hacıyev "Bahr” ləqəbli atla rəqiblərini qabaqlayıb. Hilal Nəzərov "Mavritaniya” ləqəbli atla 2-ci, Rauf Tahirov "Atilla” ləqəbli atla 3-cü yeri tutub.
Dörd yaş və yuxarı Qarabağ və Dilbaz atlarının yarışında Rauf Tahirov "Qaradaq” ləqəbli atla finiş xəttini birinci keçib. Zaur Tahirov "Qalxan” ləqəbli atla 2-ci, Azər Əliyev isə "Kaktus” ləqəbli atla 3-cü göstəriciyə imza atıb.
Üç yaş və yuxarı ərəb atlarının yarışında Hilal Nəzərov "Renessans-tersk” ləqəbli atla çempion adını qazanıb. Azər Əliyev "Asuan” ləqəbli atla 2-ci, Vüsal Nəzərov isə "Zulcənah” ləqəbli atla 3-cü yeri tutub.
Dörd və yuxarı yaşlı ingilis atlarının yarışında Orxanbəy Hacıyev "Majestic Warrior” ləqəbli atla qalib olub. Azər Əliyev "Cherry Grace” ləqəbli atla 2-ci, Raif Tahirov isə "İzolda” ləqəbli atla 3-cü yerdə qərarlaşıb.