Avropa Liqasının III təsnifat mərhələsində "İnter" (Azərbaycan) - "Hafnarfyördur" (İslandiya) cütünün qalibi ilə üz-üzə gələcəyini öyrənən İspaniya "Atletik"ini uzun yol düşündürməyə başlayıb. Sportnet.az-ın məlumatına görə, hazırda ABŞ-da olan Bilbao komandası bu gün Meksikanın "Tixuana Xolos" klubu ilə yoxlama matçı keçirəcək.
Bask təmsilçisi Avroliqadakı ilk görüşünə isə iyulun 30-da doğma "San Mames" stadionunda çıxacaq. Cavab görüşü isə avqustun 6-da olacaq. II təsnifat mərhələsinin ilk görüşündə "İnter" "Hafnarfyördur"a İslandiyada 2:1 hesabı ilə qalib gəldiyindən, ispaniyalılar daha çox Bakıya səfəri ölçüb-biçməyə başlayıblar.
Məlum olub ki, Bilbaodan Azərbaycan paytaxtına təyyarə ilə 4300 km, quru yolla 5600 km məsafə var. Hafnarfyörduradək hava məsafəsi isə 2600 km-dəkdir. Amma yolun uzunluğuna baxmayaraq, "Atletik" cəbhəsində daha asan rəqiblə düşmələrinin sevinci yaşanır. Axı bu komandaya daha güclü rəqib də qismət ola bilərdi.