
Premyer Liqanın XIX turunun bu gün keçirilmiş "Bakı” – "Qəbələ” matçından sonra xoşagəlməz olay yaşanıb. Sportnet.az-ın məlumatına görə, qonaqların futbolçusu Cavid Hüseynovla yerli azarkeşlər arasında münaqişə yaranıb.

Oyun zamanı "Bakı” azarkeşlərinin Azərbaycan millisinin üzvünü təhqir etməsi qalmaqala səbəb olub. Polis müdaxiləsindən sonra ara sakitləşib.

Hüseynov Qol.az-a açıqlamasında oyun zamanı sabiq komandasının azarkeşləri tərəfindən müxtəlif söyüşlərlə təhqir edildiyini bildirib: "Onlara ayıb olsun. Mən "Bakı”da can qoymuşam. Aylarla pulsuz oynamışam. Mənə qoyduqları hörmət budur?”

Qeyd edək ki, Cavid Hüseynov "Qəbələ”yə "Bakı”dan transfer olub.


