
Topaz Premyer Liqasının XXXII turu çərçivəsində keçirilən "Simurq" - "İnter" qarşılaşmasının ilk dəqiqəsində hücum edən olmayıb. Sportnet.az-ın məlumatına görə, Zaqatala təmsilçisinin futbolçuları yerə oturmaqla, son 2 ayın məvaciblərini almadıqlarına etiraz ediblər.
Bu vaxt kəsiyində "İnter"in futbolçuları topu meydanın özlərinə aid hissəsində biri-birlərinə ötürməklə məşğul olublar. Klubun mətbuat xidməti bu addımı belə şərh edib: "Bu, "Simurq"un nə AFFA-ya, nə PFL-ə, nə də hakimlərə etirazıdır. Bu, Azərbaycan futboluna, Zaqatala futboluna son qoymağı planlaşdıran şəxslərə etirazdır".
Qeyd edək ki, dünən keçirilən klubdaxili iclasda rəhbərlik futbolçulara maaşlarını verə bilmədiklərini və azad agent statusu verməyə hazır olduğunu bildirib.