
"Qarabağ"ın Avropa Liqasındakı "qəbirqazan"ı - Miroslav Zelinkaya Azərbaycandan göndərilən eynəklər də kömək olmayıb. Sportnet.az-ın məlumatına görə Ağdam təmsilçisinin qrup mərhələsində İtaliya "İnter"i ilə matçın son dəqiqəsində təmiz qolunu saymayan çexiyalı referi, vətənində də "özfəaliyyəti"ni davam etdirib.
Çexiya çempionatında "Hradets" - "Pribram" qarşılaşmasını idarə edən Zelinka bu dəfə də meydan sahiblərinin başına oyun açıb. Hesab 2:0 "Hradets"in xeyrinə olarkən, Zelinka "fəaliyyətə" başlayıb. Meydan sahiblərinin müdafiəçisi Plaşilin əli bədəninə yapışıq olan vəziyyətdə, top cərimə meydançasında onun dirsəyinə dəyib. Zelinka dərhal penalti nöqtəsini göstərməklə yanaşı, Plaşilə 2-ci sarı vərəqəni göstərərək, meydandan qovub.
Məhz bu epizod oyunda həlledici olub. Azlıqda qalan və penaltidən qapısında ilk qolu görən meydan sahibləri qalan 35 dəqiqə kəsiyində daha 2 dəfə mərkəzə dəvət olunublar və qarşılaşmadan 2:3 hesablı məğlubiyyətlə ayrılıblar. Bu nəticə "Hradets"in Elitadan kənar qalmasını rəsmiləşdirib.
Meydan sahibləri Zelinkanın özbaşnalığına göz yummayıb və Çexiya Futbol Federasiyasına etiraz yollayıblar. Çexiyalı həmkarlarımızın fikrincə, "Qarabağ"ın "qəbirqazan"ınını ciddi sanksiya gözləyir.