
Azərbaycan cüdoçuları iyulun 25-də Monqolustanın paytaxtı Ulan-Batorda start götürəcək Böyük Dəbilqə turnirinə qatılacaqlar.
Federasiyanın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, üç gün davam edəcək yarışda kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədovun başçılığı altında 2 çəki dərəcəsində 3 cüdoçu mübarizə aparacaq.
Balabəy Ağayev və Turan Bayramov 60 kq, Elşən Əsədov 66 kq çəki dərəcəsində yarışacaq.
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Böyük Dəbilqədə 29 ölkədən 248 idmançı (148 kişi, 100 qadın) iştirak edəcək.