Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında Azərbaycan yunan-Roma güləşçisi Həsrət Cəfərov final görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yer alan 23 yaşlı pəhləvanın rəqibi İran təmsilçisi Səid Esmaili olub.
Rəqibinə 1:2 hesabı ilə uduzan Cəfərov yarışı gümüş medalla tamamlayıb. Üçqat Avropa çempionu dünya çempionatlarında da üçüncü medalını qazanıb. İndi onun aktivində 2 gümüş, 1 bürünc medal var.
Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi Esmaili isə karyerasında ilk dünya çempionluğunu əldə edib.
Beləliklə, Azərbaycan yunan-Roma güləşçiləri dünya çempionatını 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurublar. Daha əvvəl "klassik"lərdən Ülvi Qənizadə (72 kq) dünya çempionu olubsa, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (92 kq) bürünc medal qazanıb.
Sərbəst güləşçilərdən isə Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) bürünc medala yiyələnib.
-----------------------
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatının sonuncu günündə bu gün Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) final görüşünə çıxacaq.
Sportnet.az xəbər verir ki, rəqib iranlı Səid Esmaili olacaq.
Qələbə təqdirində, 23 yaşlı pəhləvan karyerasında ilk dəfə dünya çempionu tituluna yiyələnəcək. O, son 3 il ərzində 3 dəfə Avropa çempionluğu əldə edib. Dünya çempionatlarında isə Cəfərovun bir gümüş, bir bürünc medalı var.
Esmaili isə Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2 qat Asiya çempionudur. 22 yaşlı idmançı hələ dünya çempionu ola bilməyib.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 7 medal var. Yunan-Roma güləşçilərindən Ülvi Qənizadə (72 kq) dünya çempionu olubsa, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (92 kq) bürünc medal qazanıb. Sərbəst güləşçilərdən isə Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) bürünc medala yiyələnib.








































































