
Şabranda Cüdo Təlim Mərkəzi fəaliyyətə başlayıb.
Sportnet.az-ın məlumatına görə, mərkəzin açılışında gənclər və idman naziri Fərid Qayıbov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu və digər rəsmilər iştirak ediblər.
Müasir standartlara cavab verən tatamilərlə təchiz edilmiş mərkəzin fiziki hazırlıq zonasında cüdoçuların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları yer alıb. Tataminin ümumi ölçüsü 200 kv.m sahəni əhatə edir. Bundan başqa, məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Zalda 200-dən çox idmançı cüdo ilə məşğul olacaq.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası 2022 - 2025-ci illərdə Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli və Zaqatalanın Mosul kəndində cüdo zalları açılıb. Növbəti cüdo zallarının isə Masallı, Cəlilabad, Qobustan və Siyəzəndə istifadəyə verilməsi planlanır. Bakı və regionlardakı 158 idman zalına ACF 2022-ci ildən 11704 tatami verib və 2430 gənc idmançıya pulsuz məşq imkanı yaradılıb.