Bakıda kişi və qadın boksçular arasında keçirilən ənənəvi beynəlxalq Böyük İpək Yolu turnirinin üçüncü günündə Azərbaycan millisinin 8 boksçusu yarımfinala vəsiqə qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 65 kq çəki dərəcəsində Emili Rzayeva Melissa Hamdanı (Əlcəzair) 3:2 (28:29, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib.
O, yarımfinalda Eve Brisonla (Avstraliya) üz-üzə gələcək.
Amin Məmmədzadə (55 kq) Otabek İsmoilovdan (Özbəkistan) güclü olub – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü yarımfinal gürüşündə Mohamed Abbasa (Əlcəzair) 4:1 (30:26, 29:28, 28:29, 30:27, 30:27) hesabı ilə qalib gələn komanda yoldaşı Zidan Hümbətovla döyüşəcək.
Bu çəkidə Zəlimxan Süleymanov – Nicat Hüseynov duelində birinci qələbə qazanıb – 4:0 (29:27, 30:26, 28:28, 30:26, 29:26). Süleymanov növbəti döyüşünü Timur Kabdeşova (Qazaxıstan) qarşı keçirəcək.
65 kq-da Zaur Qəhrəmanov komanda yoldaşı Mahmud Hüseynovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 30:26) hesabı ilə məğlub edib. Boksçumuz yarımfinalda Asadbek Rajabovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.
Eyni çəkidə Malik Həsənov da adını yarımfinala yazdırıb. O, 1/4 finalda Levan Demurovini (Gürcüstan) mübarizədən kənarlaşdırıb – 4:1 (30:27, 29:28, 30:27, 28:29, 30:27). Həsənov növbəti görüşündə Viktorio İliyevlə (Bolqarıstan) gücünü yoxlayacaq.
75 kq-da Rasim Çobanlı Vitali Pavlenkoya (Moldova) qalıb gəlib – 3:0 (28:28, 30:26, 29:27, 28:28, 30:26). O, yarımfinalda Şerbek Şokirovla (Özbəkistan) görüşəcək.
85 kq-da isə Murad Allahverdiyev turnirə qələbə ilə başlayıb. Azərbaycanlı boksçu Yeriço Daleni (Avstraliya) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Allahverdiyev finala gedən yolda Batırbek Benkuru (Qazaxıstan) sınağa çəkəcək.
Yarımfinala yüksələn yerli boksçular özləri üçün azı bürünc medalı təmin ediblər. Kişi idmançıların yarışında bu mərhələ aprelin 5-də yekunlaşacaq.
Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu aprelin 7-də başa çatacaq.














































































