Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, olimpiya, dünya və 4 qat Avropa çempionunun 1/16 final mərhələsində rəqibi Yunanıstan təmsilçisi Konstantinos Tsaparas olub.
Sona bir dəqiqə qalmış qarşılaşmadan qalib ayrılan Heydərov növbəti mərhələyə yüksəlib. Onun növbəti rəqibi kosovolu Dardan Tsena olub. Bu dəfə Heydərov qızıl xal bölümündə qalib gələrək, 1/4 finala yüksəlib. Rəqib isə fransalı Dayyan Bulemtafes olub.
Görüşü ipponla başa vuran azərbaycanlı cüdoçu yarımfinala yüksəlib. Finala gedən yolda o, türkiyəli, dünya və Avropa çempionatlarının bürünc medalçısı Bilal Çiloğlu ilə üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə qalib gələn Heydərov karyerasında 6-cı dəfə Avropa çempionatının finalına yüksəlib.
Həlledici qarşılaşmada azərbaycanlı cüdoçu gürcüstanlı olimpiya, ikiqat dünya və dördqat Avropa çempionu Laşa Şavdatuaşvili ilə görüşəcək.



















































































