Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa Kubokuna yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.
90 kq çəki dərəcəsində çıxış edən Tural Səfquliyev yarımfinala gedən yolda rusiyalı Rüstəm Əmirmetov, hollandiyalı Miçel Verhagen və gürcüstanlı Tornike Jugeliyə qalib gəlib. Daha sonra o, Belarus təmsilçisi İlqar Jukova məğlub olsa da, təsəlliverici görüşdə Hollandiya cüdoçusu Daks Beysbruk üzərində qələbə qazanaraq bürünc medal qazanıb.
81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Alimli və Ziya Namazov Avropa kubokunda 7-ci olublar.
Digər cüdoçularımız – Elvin Əhmədli (81 kq), Məmmədəli Mehdiyev, Vasif Şərbətli (hər ikisi 90 kq), Musa Şəkərəliyev, Firudin Dadaşov və Cəlil Şükürov (hər üçü 100 kq) mübarizəni erkən dayandırıblar.
Bununla da Azərbaycan milli komandası Bolqarıstanın paytaxtı Sofiyada baş tutmuş Avropa Kubokunda 1 qızıl, 2 bürünc medala sahib olub. İlk yarış günündə Oruc Vəlizadə (60 kq) qızıl, İlkin Babazadə (66 kq) bürünc medal qazanıb. Bu nəticə ilə ölkəmiz ümumi komanda hesabında 52 iştirakçı arasında 8-ci olub.