Azərbaycanın 3 cüdoçusu Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən Qran Pridə mübarizəyə start verib. Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə Rasim Alməmmədov, Davud Məmmədsoy (hər ikisi 60 kq) və Vüqar Şirinli (66 kq) döşək üzərinə çıxıb.
1/4 finaldan mübarizəyə qoşulan Alməmmədov ilk görüşdə rusiyalı Albert Monquşa məğlub olub. Təsəlliverici görüşdə də Rusiya idmançısı ilə üz-üzə gələn təmsilçimiz bu dəfə məğlubiyyətlə üzləşib.
Eyni çəkidə çıxış edən Davud Məmmədsoy elə eyni mərhələdə də monqolustanlı Ser-od Nasanyarqalla qarşılaşıb. Mübarizəni məğlub tərk edən Məmmədsoy təsəlliverici görüşdə rusiyalı Maksim Burnaşevə qalib gələrək bürünc medal qazanmaq şansı əldə edib. Həlledici görüşdə azərbaycanlı idmançının rəqibi R.Alməmmədovu məğlub edən rusiyalı Albert Monquş olub. Məmmədsoy qalib gələrək, bürünc medala yiyələnib.
66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli də ilk görünü məğlub başa vurub. Şirinli təsəlliverici qarşılaşmada Rusiyanı təmsil edən erməni əsilli Paylak Qaloyanı mübarizədən kənarlaşdırsa da, bürün medal uğrunda mübarizədə sloveniyalı Andraz Jerebiyə uduzaraq Pran-Pridə 5-ci olub.
Qeyd edək ki, 13 ölkədən 126 idmançının (65 kişi, 61 qadın) mübarizə apardığı Qran-Pridə Azərbaycan millisi 14 cüdoçu (14 kişi, 1 qadın) ilə təmsil olunur. Qran Priyə iyulun 3-də yekun vurulacaq.