Yunan-Roma güləşi üzrə yeniyetmələrdən və böyüklərdən ibarət Azərbaycan yığma komandaları Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışlarına start veriblər. Sportnet.az-ın məlumatına görə, əsas millimiz sentyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına hazırlaşır.
Baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərlik etdiyi məşqçilər korpusu heyətə 22 güləşçi daxil edib. Avqustun 6-dək davam edəcək toplanışa yığmamızın üzvləri ilə yanaşı, Macarıstan güləşçiləri də qatılıb.
Bununla yanaşı, Çinin Nanjinq şəhərində Yeniyetmələrin II Yay Olimpiya Oyunları çərçivəsində 25 - 27 avqustda təşkil olunacaq yunan-Roma güləşçilərinin mübarizəsinə hazırlıq məqsədilə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında 2 çəki dərəcəsində 6 güləşçi bir araya gəlib.
Qeyd edək ki, yeniyetmələrin olimpiadasında yunan-Roma güləşi yarışlarında ölkəmizi Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) təmsil edəcək.